Son sutkada Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə bugün, aprelin 14-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.
Məlumatda yazılıb ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş da vəfat edib.
"Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", - qərargah bildirir.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 120 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq bir neçə aydır dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.
Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.