Hörmüz boğazı yaxınlığında neft tankerinə hücum olub

Hörmüz boğazında neft tankerləri

İran sahillərində, strateji Hörmüz boğazı yaxınlığında Honq Konqun bayrağı ilə üzən neft tankerinə naməlum silahlı şəxslər hücum edib. Məlumatı Britaniyadakı Birləşmiş Krallıq Dəniz Ticarəti Təşkilatı açıqlayıb.

Məlumata görə, aprelin 14-də gəmi Oman dənizində lövbər salan kimi belə bir hücuma məruz qalıb, sonradan gəmi buraxılıb.

Təşkilat ərazidəki gəmiləri “ayıq-sayıq olmağa” çağırıb.

Dryad Global özəl dəniz kəşfiyyatı şirkəti gəminin Səudiyyə Ərəbistanına getdiyini, 22 nəfərlik heyətin hamısının çinlilərdən ibarət olduğunu bildirib.

İranın İslam İnqilab Keşikçiləri Korpusu son bir ildə bir neçə gəmini təhdid edib, yaxud ələ keçirib. Təhlilçilər Tehranın bununla Birləşmiş Ştatlara və müttəfiqlərinə təzyiq göstərməyə çalışdığını deyirlər.

Son insidentin İranla bağlı olub-olmaması bəlli deyil.