Azərbaycan İrana narahatlığını bildirib

X.Xələfov

Dünən, aprelin 15-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi və bu dövlətin Bakıdakı səfiri Cavad Cahangirzadə ilə telefonla danışıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, danışıq zamanı X.Xələfov bildirib ki, ölkəsi Azərbaycan-İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmir.

O, eyni zamanda, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə videogörüntülərə toxunub.

Məlumata görə, X.Xələfov belə halların baş verməsini işğalçı Ermənistana dəstək və münaqişənin şiddətlənməsinə xidmət kimi dəyərləndirib.

Açıqlamaya görə, bu məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin təkzib bəyanatına istinad edən X.Xələfov qarşı tərəfin ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq bu yayılan məlumatı və videogörüntüləri araşdıraraq onlara aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.

Vurğulandığına görə, İran xarici işlər nazirinin müavini də, öz növbəsində, ölkəsinin Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək, dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib.

A.Əraqçi videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyləyib

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. İndi iki ölkə arasında heç bir iqtisadi, ticari əlaqələr yoxdur.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.