Bu il acların sayı 265 milyona çata bilər

Rusiyada yoxsul xeyriyyə təşkilatında yemək yeyir

Bu il COVID-19 xəstəliyinin yaratdığı iqtisadi çətinliklər səbəbindən dünyada kəskin ərzaq çatışmazlığı ilə üzləşənlərin sayı iki dəfə artaraq 265 milyona çata bilər. BMT-nin Dünya Ərzaq Proqramı (DƏP- WFP) aprelin 21-də “2020-ci ilin Qlobal Ərzaq Böhranları Hesabatı”nı açıqlayıb.

Hesabatda deyilir ki, turizm gəlirlərinin itirilməsi, başqa ölkələrdən pul göndərişlərinin dayanması və koronavirus pandemiyasının səbəb olduğu digər qadağalar bu il 130 milyonadək insanı ac qoyacaq. İndiyədək bu kateqoriyadan olan insanların sayının 135 milyona yaxın olduğu bildirilirdi.

Buna da bax: '190 manat almaq istəyib, 100 manat cərimələyiblər'

10 ölkədə 88 milyon nəfər

“COVID-19 həyatı onsuz da tükdən asılı olan milyonlarla insan üçün potensial fəlakətdir”, – proqramın baş iqtisadçısı Arif Husain deyib.

Bu kontekstə ərzaq yardımı proqramlarını davam etdirməyin vacibliyi vurğulanır. DƏP-in öz proqramları dünyada 100 milyonadək insanın həyatını xilas edir.

Hesabatda deyilir ki, 2019-cu ildə dünyada kəskin ərzaq çatışmazlığı yaşayanların əksəriyyəti münaqişə (77 milyon), iqlim dəyişikliyi (34 milyon) və iqtisadi böhranlardan (24 milyon) əziyyət çəkən ölkələrin payına düşür.

Buna da bax: Oxfam: Yarım milyard insan yoxsullaşa bilər

Ötən il 10 ölkə kəskin ərzaq böhranıyla üzləşib: Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Venesuela, Efiopiya, Cənubi Sudan, Suriya, Sudan, Nigeriya və Haiti.

Cənubi Sudanın əhalisinin 61 faizi ötən il ərzaq böhranı yaşayıb, digər ölkələrin əhalisinin isə azı 35 faizi haqda bunu söyləmək olar.

Bu 10 ölkədə böhran içində olan ümumi halinin 66 faizi, başqa sözlə 88 milyon nəfər yaşayır.