Polisdə də koronavirusa yoluxanlar var

Bakıda karantin yoxlaması

Azərbaycanda polis əməkdaşları arasında koronavirusa yoluxanlar var.

Bu barədə "Turan" agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

E.Zahidovun sözlərinə görə, polis xüsusi karantin rejiminin ilk günündən nəzarəti həyata keçirir və vətəndaşlarla sıx təmasdadır: "Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, yoluxma halı var. Hal-hazırda həmin polis əməkdaşları müalicə alır, vəziyyətləri stabildir".

Amma E.Zahidov konkret neçə polisin koronavirusa yoluxduğunu deməyib.

Bundan əvvəl Azərbaycanda həkimlərin də koronavirusa yoluxduğu açıqlanmışdı. Koronavirusa yoluxmuş bir təcili yardım həkiminin isə vəfat etdiyi vurğulanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 170 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1436 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 19 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.