4 bankın bütün səlahiyyətləri alındı

Mərkəzi Bank

4 banka müvəqqəti inzibatçı təyin edilib

Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib.

Bu barədə bugün, aprelin 27-də Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel tarixli qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "AmrahBank" ASC-ə müvəqqəti inzibatçılar təyin olunub: "Qanunvericiliyə uyğun olaraq, qeyd olunan bankların idarə olunması üzrə bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvəqqəti inzibatçıya keçib".

AMB bildirib ki, bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

Qərara, hələlik, sözügedən banklardan münasibət almaq mümkün olmayıb.

Hazırda Azərbaycanda 30 bank olduğu bildirilir.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra). Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Nəticədə 10-dan çox bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu ilin əvvəlindən də dünyada neft təqribən 3 dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.