Olimpiya oyunları ‘ləğv oluna’ bilər

Yoshiro Mori

Koronavirus pandemiyası gələn ilədək nəzarətə alınmasa, 2021-ci ilə keçirilmiş Tokio 2020 Olimpiya oyunları ləğv oluna bilər. Bunu oyunların təşkilat komitəsinin sədri deyib.

Oyunların açılışı indilik gələn il iyulun 23-nə keçirilib. Tokio 2020-nin prezidenti Yoshiro Mori tədbirin bir daha təxirə salınmasının mümkün olmadığını deyir.

Yaponiyanın “Nikkan Sports” qəzetinə müsahibəsində Mori olimpiya oyunlarının 2022-ci ilə keçirilə biləcəyi ilə bağlı suala qəti şəkildə “Xeyr” cavabını verib.

“Bu halda o ləğv olunur”, – Mori söyləyib.

Mori deyib ki, bundan qabaq oyunlar yalnız müharibə vaxtı ləğv olunub və koronovirusla mübarizə “görünməz düşmənlə savaşmaq kimidir”.

Virusun qarşısı uğurla alınarsa, “gələn yay dinc şəkildə Olimpiya oyunlarını keçirəcəyik. Bəşəriyyət buna ümid edir”, – o vurğulayıb.

Atletlərin və idman federasiyalarının təzyiqi altında yaponiyalı təşkilatçılar və Beynəlxalq Olimpiya Komitəsi martda oyunları bir illiyə təxirə salmağa razılaşıb.

Yaponiya Tibbi Assosiasiyası aprelin 28-də xəbərdarlıq edib ki, vaksin tapılmasa, gələn il Oyunları keçirmək “həddən artıq çətin” olacaq.