Boris Johnson-un nişanlısının oğlu olub

Boris Johnson və Carrie Symonds

Britaniyanın Baş naziri Boris Johnson-un nişanlısı Carrie Symonds-un oğlu olub. Ölkə lideri xəstəxanada koronovirusdan müalicə aldıqdan sonra iki gündür işinin başına qayıdıb.

Dauninq Stritin sözçüsü aprelin 29-da yaydığı bəyanatında anayla körpənin özlərini çox yaxşı hiss etdiyini bildirib.

55 yaşlı Johnson və 32 yaşlı Symonds fevralda nişanlandıqlarını, övlad gözlədiklərini açıqlayıblar.

Baş nazir Londonda xəstəxanada COVID-19-dan bir həftə müalicə alıb, üç gecə reanimasiyada keçirib, daha sonra iki həftə Londondan kənarda dincəlib. O, aprelin 27-də işə qayıdıb.

Symonds bir həftə ərzində COVID-19-un əlamətlərini keçirdiyini deyib, amma heç vaxt virusla bağlı test olunmayıb. Bu onun ilk körpəsidir.

Johnson-un ikinci həyat yoldaşı Marina Wheeler-dən dörd övladı var, nikahdan kənar isə azı bir övladının olduğu güman edilir.