ABŞ Dövlət Departamenti hakimdən Prezident Donald Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə qarşı ittihamları qaldırmağı xahiş edir.
Flynn 2016-cı ildə Rusiyayla Trump-ın seçki qərargahı arasında mümkün əlbirliklə bağlı araşdırmanın ilk hədəflərindən olub. Xüsusi prokuror Robert Mueller-in apardığı istintaq çərçivəsində o, Federal Təhqiqat Bürosuna (FTB) yalan danışmaqda ittiham olunub.
Mayın 7-də məhkəməyə təqdim olunmuş sənədlərdə Ədliyyə Departamenti hakimdən xahiş edir ki, “bu işlə bağlı bütün faktlar və şərtlər nəzərdən keçiriləndən” sonra Flynn-ə qarşı iş ləğv olunsun.
Flynn-in vəkilləri aylardır ittihamların ləğvinə çalışırlar.
Keçmiş müşavirin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak-la söhbətləri haqda FTB-yə yalan danışdığı iddia olunurdu. Bu söhbətlər Trump Ağ evdə vəzifəyə keçəndən bir neçə həftə öncə baş verib.
Ədliyyə Departamentinin bu qərarı Trump-ın tənqidçilərinin ittihamlarını daha da kəskinləşdirə bilər. Onların fikrincə, Baş prokuror William Barr prezidenti məmnun etməkdən ötrü ədliyyə sistemini siyasiləşdirir.
Prezident özü Rusiya istintaqını dəfələrlə “uydurma” adlandırıb.
Trump və respublikaçı tərəfdarları Ədliyyə Departamentinin qərarını dərhal alqışlayıblar. Onların fikrincə, Flynn Rusiya istintaqının günahsız qurbanıdır.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsində aparıcı demokrat Jerrold Nadler isə qərarı “biabırçılıq” adlandırıb, məsələni araşdıracağını deyib.