Əfqanıstan Prezidenti Ashraf Ghani ölkənin təhlükəsizlik qüvvələrinə Taliban və digər silahlı qruplaşmalar üzərinə hücuma keçmək göstərişi verib. Mayın 12-də isə ölkənin ayrı-ayrı yerlərində zorakı hücumlarda azı 40 nəfər həlak olub.
Kabildə doğum evinə hücumda ikisi yeni doğulmuş körpələr olmaqla 16 nəfər ölüb. Elə həmin gün şərqi Nangarhar vilayətində polis komandirinin dəfn mərasimində intiharçı partlayış törədib, azı 24 nəfər ölüb, 68 nəfər yaralanıb. Rəsmilər ölü sayının arta biləcəyini deyirlər.
İslam Dövləti (İD) qruplaşması dəfn mərasiminə hücuma görə məsuliyyəti götürüb.
Doğum evinə hücuma görəsə nə İD, nə də Taliban məsuliyyət götürüb.
Təhlükəsizlik qüvvələri xəstəxanaya hücum edən 3 nəfəri öldürüblər.
Xost vilayətində bazara da hücum edilib. Bir uşaq ölüb, 10 nəfər yaralanıb. Hücuma görə hələlik, məsuliyyət götürən olmayıb.
Ghani isə televiziya ilə çıxışında bu və “ölkədəki digər hücumlara” görə Taliban və İD-ni ittiham edib. O, “təhlükəsizlik qüvvələrin aktiv müdafiə mövqeyindən hücum mövqeyinə keçmək, düşmənlərə qarşı əməliyyatlara başlamaq göstərişi verdiyini” deyib.