Ghani ilə Abdullah razılığa gəldilər

Ashraf Ghani (sağda) və Abdullah Abdullah

Əfqanıstan Prezidenti Ashraf Ghani və onun siyasi rəqibi Abdullah Abdullah hakimiyyətin bölüşdürülməsiylə bağlı razılığa gəliblər. Onların hər ikisi sentyabrda keçirilmiş prezident seçkisində qələbə çaldıqlarını iddia edirdilər.

Yeni sazişə görə, Abdullah hökumətin Taliban silahlı qruplaşması ilə sülh sazişinin əldə olunması cəhdlərinə rəhbərlik edəcək.

Birləşmiş Ştatlar və BMT bəyanatlarında bu razılaşmanı alqışlayıblar.

Abdullah yeni formalaşmış Milli Barışıq Ali Şurasına rəhbərlik edəcək, onun komandasının üzvləri isə hökumətdə təmsil olunacaqlar. Məsələn, keçmiş vitse-prezident, insan haqları pozuntularında suçlanan Abdul Rashid Dostum əfqan silahlı qüvvələrinin marşalı olacaq.

Abdullah altı il ərzində, Ghani prezident ikən hökumətə başçılıq edib. 2014-cü ilin mübahisəli prezident seçkisindən sonra ABŞ-ın vasitəçiliyi ilə hakimiyyətin bölüşdürülməsi üzrə saziş əldə olunmuşdu.

Abdullah sentyabr seçkisinin nəticələrini tanımaqdan imtina edib. Həmin seçkidə seçici iştiraklılığı aşağı səviyyədə olmuşdu, saxtakarlıq iddiaları vardı.

Hökumətin tərkibinin razılaşdırıla bilməməsi Kabilin Talibanla danışıqlarının yubanmasına səbəb olmuşdu.

ABŞ-ın Əfqanıstan üzrə elçisi Zalmay Khalilzad mayın 15-də deyib ki, əfqandaxili sülh danışıqlarının yeni tarixi müzakirə olunur.

Son razılaşma ölkədə paralel hökumətin qurulmasıyla sonuclanmış siyasi böhrana son qoyub.