İsraildə heç bir siyasi qüvvənin qətiyyətli qələbə çala bilmədiyi üç seçkidən sonra mayın 17-də birlik hökuməti and içib. Baş nazir Benjamin Netanyahu bir daha İordan çayının qərb sahilinin işğal olunmuş hissələrinin ilhaqından danışıb.
Likud lideri və onun rəqibindən tərəfdaşına çevrilmiş Benny Gantz koronavirus pandemiyası səbəbilə qurulmuş “fövqəladə” hökuməti alqışlayıblar. Təxminən 500 gün idi ölkədə sabit hökumət yox idi.
Netanyahu və keçmiş ordu komandanı Gantz apreldə iki lideri olan hökumət quracaqlarını elan etdilər. Bu, Gantz-ın Mavi və Ağ partiyasında parçalanma yaratdı. Belə ki, bəzi fraksiyalar cinayət ittihamları irəli sürülmüş baş nazirlə hökumət qurmağa qarşı çıxırdılar.
Sazişə görə, Netanyahu baş nazirdir, Gantz isə “alternativ baş nazir” kimi onunla hakimiyyəti paylaşır. İkinci vəzifə Netanyahu-nu korrupsiya mühakiməsi vaxtı qoruya bilər. İki lider hər 18 aydan bir vəzifələrini dəyişəcəklər.
Netanyahu çıxışında həm koronavirusla mübarizədən danışıb, həm də ilhaqın vacibliyindən.
“Qərb sahildəki yaşayış məntəqələrində İsrail qanununun genişləndirilməsinin və sionizm tarixində yeni bir fəslin başladılmasının vaxtı çatıb”, – deyən Netanyahu “ilhaq bizi sülhdən uzaqlaşdırmayacaq, daha da yaxınlaşdıracaq”, – deyə sözlərinə əlavə edib.
Netanyahu və dini-millətçi müttəfiqləri ABŞ-da noyabr seçkisinədək ilhaqı həyata keçirməyə can atırlar. Onlar inanırlar ki, Prezident Donald Trump-ın sülh planı tarixi bir fürsətdir.
Demokratlardan namizəd olacağı gözlənən Joe Biden isə fələstinlilərin gələcək dövlətlərinin bir hissəsi saydıqları ərazinin birtərəfli ilhaqına qarşı çıxır.