İcra hakimiyyətindən 2500 manatlıq qazpulu tələbi

Azəriqaz

"Azəriqaz" iddia edir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin bu quruma 2500 manatdan çox borcu var. Dəfələrlə xəbərdarlıq edilsə də, ödəmirlər. Ona görə də icra hakimiyyətinə tabe olan Mədrəsə kənd nümayəndəliyinə qarşı məhkəmədə iddia qaldırıblar. Tələb də budur ki, 2545 manat qazpulu borcunu, bir də məhkəməyə müraciət üçün ödənilmiş 30 manatlıq rüsumu ödəsinlər.

Bu mübahisəyə mayın 1-də Sumqayıt Kommersiya Məhkəməsində baxılıb. "Azəriqaz"ın nümayəndəsi bildirib ki, bu rəqəm yanvarın 1-nə qədər olan borcdur. Borc haqda icra nümayəndəliyinə xəbərdarlıq göndərilsə də, ödəməyiblər.

Bu işi araşdıran hakim Xaqani Tağıyev qərarında yazıb ki, icra hakimiyyətinə məhkəmə iddiası barədə məlumat verilib, bildiriş̧ göndərilib. Amma icra hakimiyyəti nə məhkəməyə nümayəndəsini göndərib, nə də iddiaya etiraz məktubunu. Ona görə də işə cavabdeh tərəfin iştirakı olmadan baxılıb.

Hakim "Azəriqaz"ın Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iddiasını təmin edib.

"Azəriqaz", "Azərenerji" və "Azərsu" kimi qurumlarla müxtəlif dövlət orqanları arasında kommunal xidmət haqlarının ödənişinə görə hazırda yerli məhkəmələrdə onlarla çəkişmə var.