AYİB şirkətlərə manatla kredit ayırır

Arxiv fotosu

Azərbaycanda koronavirus pandemiyasından ziyan görmüş şirkətlər manatla kredit əldə edə biləcək. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə bu haqda razılaşma əldə edib.

AYİB Mərkəzi Bankla 200 milyon ABŞ dolları məbləğində svop müqaviləsi imzalayıb. Bu məbləğin 50 milyon dolları bu il müvəqqəti çətinliklər yaşamış yerli şirkətlərə veriləcək.

Bank mətbuat üçün açıqlamasında bildirir ki, 38 yaranmaqda olan bazar daxil olmaqla fəaliyyət göstərdiyi regionlarda şirkətlərə kömək məqsədilə Həmrəylik Paketini işə salıb. 2020-21-ci illər ərzində 21 milyard avro dəstək veriləcəyi bildirilir.

İndiyədək AYİB Azərbaycanda 170 layihəyə 3,3 milyard avroluq sərmayə yatırıb.