Prezident İlham Əliyev bugün, mayın 21-də İmişli və Ağstafa rayonlarına icra başçıları təyin edib.
Elçin Rzayev İmişlinin, Seymur Orucov isə Ağstafanın icra hakimiyyəti başçısı olub.
İmişli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsi mayın 7-dən, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı vəzifəsi isə ötən il dekabrın 20-dən boş idi.
Həmin rayonların əvvəlki başçıları Vilyam Hacıyev və Nizaməddin Quliyev rüşvət və səlahiyyət həddini aşmaqda ittiham edilərək həbs olunublar. Keçmiş başçıların ittihamlara münasibəti, hələlik, ictimaiyyətə açıqlanmayıb. Amma bu günlər V.Hacıyev həbs qərarından apellyasiya şikayəti vermişdi, şikayət qəbul edilmədi.
YAP-çı gənc
S.Orucov bu təyinatdan əvvəl hakim Yeni Azərbaycan Partiyasının (YAP) gənclər təşkilatına rəhbərlik edib.
E.Rzayev isə bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.