Çin bu il üçün hədəf iqtisadi artımdan danışmır

Pekin, 21 may, 2020-ci il

Çin 2020-ci il üçün illik iqtisadi artımda hədəf qoymayıb, ancaq hökumət koronavirusun zərbə vurduğu iqtisadiyyatı dəstəkləmək vədi verir. Mayın 22-də Pekində Milli Xalq Qurultayında baş nazir bu haqda danışıb.

Li Keqiang deyib ki, ölkədə ÜDM-nin “azı” 3,6 faizi qədər büdcə defisiti hədəfi qoyulub. Hökumət 1990-cı ildən bəri hədəflərini açıqlayır və ilk dəfədir ki, illik artım hədəfindən danışmır.

Baş nazir deyir ki, COVID-19 pandemiyasının səbəb olduğu “böyük qeyri-müəyyənlik” səbəbindən Pekin “işsizliyi sabitləşdirməyə və yaşayış standartlarınını təmin etməyə üstünlük verəcək”.

Li 3 minədək nümayəndə qarşısında söyləyib ki, Çin ABŞ-la iqtisadi və ticarət razılaşmasının birinci mərhələsinin həyata keçirilməsi yönündə işləyəcək.

Dünyanın ikinci böyük iqtisadiyyatı bu ilin birinci rübündə 6,8 faiz azalıb.

Li-nin açıqladığı strategiyada bu il infrastruktur xərclərini artırmaq üçün 3,75 trilyon yuanlıq (526 milyard dollar) xüsusi hökumət istiqrazlarının buraxılması da var. Bu, ötənilki infrastruktur xərclərindən iki dəfədən də çoxdur.

Bu il Çin müdafiə xərclərini cəmi 6,6 faiz artırmağı planlaşdırır ki, bu da son illərin ən aşağı göstəricisidir.

Çində koronavirus ötən ilin sonundan yayılmağa başlayıb. 83 minə yaxın yoluxma, 4 min 634 ölüm halının baş verdiyi açıqlanıb.