Külək 20 ağacı aşırıb

Foto arxiv

Mayın 23-ü və 24-də əsən güclü külək Bakının rayonlarında 20-dən çox ağacı kökündən qopararaq yıxıb.

Bunu Bakı Yaşıllaşdırma və bitkilərin mühafizəsi idarəsinin rəhbəri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, əlavə 40-a yaxın ağac da külək nəticəsində əyilərək qəzalı hala düşüb: "Bu ağacların əyilməsi, iri budaqlarının sınması kimi hallar var".

O.Məmmədov deyib ki, güclü külək paytaxtın Xətai, Nəsimi və Yasamal rayonlarında daha çox fəsadlar törədib.

O əlavə edib ki, küləyin nəticəsində ağaclar 3-4 avtomobilə də ziyan vurub.

Xatırlatma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Bürosu mayın 23-ü və 24-də Azərbaycan ərazisində güclü külək əsəcəyi barədə xəbərdarlıq etmişdi.

İdarənin məlumatına görə, Bakı və Abşeron yarımadasında bəzən küləyin gücü 35-38 m/s-ə çatıb.