Koronavirus pandemiyasına görə Çində maska istehsalının gücləndirilməsi eyni xammaldan hazırlanan bəzi məhsullara təsirini göstərib. Bunlar uşaq bezləri, nəm salfetlər, gigiyenik dəsmal və bezlərdir.
“Frans Pres” istehsalçılara istinadla yazır ki, qeyri-toxunma parça məhsulları qıtlığı yaranıb, çünki bu material daha cəlbedici maska biznesinə yönəldilib.
Gigiyenik məhsullar buraxan şirkətlər ya istehsalı yarıbayarı azaldıblar, ya da qiymətləri qaldırıblar.
Ötən dekabrda Çində koronavirus vüsət alandan ölkənin tibb işçiləri, eləcə də 1,4 milyardlıq əhalisi üçün kütləvi maska istehsalı başlandı.
“Qiymətlər həddən artıq bahalanıb”
Avtomobil istehsalçılarından tutmuş geyim fabriklərinə qədər hər kəs maska istehsalına keçdiyindən xammal bahalandı. Pandemiya dünyada tüğyan etdikcə bu işin də bir sonu görünmür.
Buna da bax: Virus tüğyan edir, ikinci dalğa ‘gəlir’“Bu heç də o demək deyil ki, bizim istehsal qabiliyyətimiz azdır, sadəcə, qiymətlər həddən artıq bahalanıb”, – Fujian Time and Tianhe Industrial Co. uşaq bezi istehsalçısı olan şirkətin baş menecer müavini Huang Tenglong agentliyə deyib.
“Yanvarda uşaq bezləri üçün xammalın qiyməti 13 min yuan (tonu 1820 dollar) idi, ən pik həddə isə 140 min – 150 min yuan oldu”, – o vurğulayıb.
DaddyBaby uşaq bezi firmasının baş menecer müavini Lin Yanting isə deyib ki, qeyri-toxunma materialının tonu 50 min – 60 min yuandır.
“Bezə maskadan daha çox material gedir, amma... mən bu materialdan yalnız maska hazırlayanda qazanc götürə bilərəm”, – o bildirib və belə bir mühitdə bir çox kiçik istehsalçıların davam gətirməyəcəyini deyib.
“China Youth Daily” aprelin 4-də yazırdı ki, Çində 69 min şirkət maska biznesinə girişib və onlardan 19 mini yanvarın 25-dən Vuhan şəhəri karantinə alınandan sonra ortaya çıxıb.
400 işçisi olan Huang-ın firması uşaq bezi istehsalını yarıbayarı azaldıb və qiyməti 20 faiz qaldırıb.
Buna da bax: ‘Koronavirus qəbirstanlığındakı’ qəbirlər rəsmi ölüm sayından çoxdurYaşı 2-dən az uşaqlar maska taxmamalıdır
Yaşı 2-dən az uşaqların maska taxması onların nəfəs almasını çətinləşdirə, boğulma riskini artıra bilər. Yaponiyanın tibb təşkilatı valideynlərə belə bir təcili müraciət edib.
Dünəndən Baş nazir Shinzo Abe Tokio və qalan dörd ərazidə fövqəladə vəziyyəti qaldırıb, çünki ölkə boyunca yoluxmalarda azalma müşahidə olunub. Baş nazir xəbərdarlıq edib ki, virus yenidən yayılmağa başlarsa, qadağalar yenidən qoyula bilər.
Virusun yayılmasını önləmək üçün səhiyyə ekspertləri maska taxmağı, sosial məsafəni gözləməyi tövsiyə edirlər. Yaponiya Pediatriya Assosiasiyası isə valideynlərə xəbərdarlıq edir, maskalar körpələr üçün çox risklidir.
“Körpələrin nəfəs yolları dar olduğundan maska onların nəfəs almasını çətinləşdirə bilər”, – assosiasiya bildirir.
Qurumun məlumatına görə, indiyədək uşaqlar arasında çox az ciddi yoluxma halı qeydə alınıb və çoxu da ailə üzvlərindən yoluxub, məktəblərdə, günərzi mərkəzlərində pandemiya yayılmayıb. ABŞ-ın müvafiq təşkilatları da yaşı 2-dən az uşaqların maska taxmamasını tövsiyə edir.