İranın benzin və neft məhsulları daşıyan ikinci tankeri mayın 26-da Venesuelanın ən böyük neft emalı zavoduna çatıb.
Neft naziri Tareck El Aissami Twitter-də yazıb ki, “Forest” gəmisi ölkənin şimal-qərbindəki Falkon ştatındakı Paraquana emal zavoduna çatıb.
Marine Traffic vebsaytı da gəminin yerini təsdiqləyib.
ABŞ birtərəfli şəkildə İranın və Venesuelanın neft sənayesinə və digər sektorlarına sanksiyalar tətbiq edib. İranın neft gəlirləri azalıb. Venesuelanın pis idarə olunan iqtisadiyyatına isə təzyiq daha da artıb. 2014-cü ildən neftin ucuzlaşması böhranı daha da dərinləşdirib.
“Fortune” adlı birinci tanker 24 saat qabaq El Palito emal zavoduna çatmışdı. Bu zavod günə 140 min barrel neft emal etmək gücündədir.
“Petunia” adlı üçüncü tankersə mayın 26-da Venesuela sularına daxil olub. Qalan iki tankerin növbəti iki günə çatacağı gözlənir.