Tarixdə ilk dəfə olaraq özəl şirkətin kosmik kapsulu iki amerikalı astronavtı Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırıb.
Doug Hurley və Bob Behnken mayın 31-də SpaceX şirkətinə məxsus, Falcon 9 raketinin daşıdığı Draqon kapsulunda stansiyaya çatıblar. Kapsul bir gün öncə Floridadakı Kennedy Kosmik Mərkəzindən yola düşmüşdü.
Astronavtlar BKS-dakı iki rusiyalı və bir amerikalı ilə birlikdə dörd ay orada qalacaqlar.
On ildən artıq bir zaman kəsimində ilk dəfəydi ki, heyətli kosmik gəmi Birləşmiş Ştatlardan kosmosa qalxırdı. İllər boyu BKS-ya Qazaxıstandakı Baykonur Kosmodromundan Rusiya istehsalı olan Soyuz raketləri ilə heyət yola salınıb.
Bu missiyanın məqsədi SpaceX texnikasını sınamaq idi və özəl şirkətlərin BKS-ya astronavt daşımasına yol açdı. Bununla kommersiya tipli kosmik uçuşların yeni erası başlanır.