Honq Konq monitorinq qrupu yaratmağa çalışırlar

Honq Konqda etiraz, 27 may, 2020-ci il

Britaniyanın yeddi keçmiş xarici işlər naziri iyunun 1-də Baş nazir Boris Johnson-u Honq Konq üzrə qlobal monitorinq qrupu yaratmağa çağırıb. Çin bu yarımmuxtar şəhərə nəzarəti sərtləşdirməyə çalışır, milli təhlükəsizlik qanununun qəbulu Qərb ölkələri arasında narahatlığa səbəb olub.

Çin deyir ki, qanunun məqsədi “terrorçuluq” və “separatçılıq”la mübarizə aparmaqdır.

Ötən il Honq Konqda yeddi ay ərzində irimiqyaslı, çox vaxt zorakılıqla müşayiət olunan etirazlar baş vermişdi.

Opponentlərin fikrincə, sözügedən qanundan narazıları susdurmaq üçün istifadə oluna bilər, Britaniyanın bu keçmiş koloniyasına ağır zərbə vurar. 1997-ci ildə Honq Konq Pekinə təhvil veriləndə Çin ona böyük muxtariyyət vəd edib.

Britaniya, Birləşmiş Ştatlar, Avstraliya və Kanada birgə bəyanat yayaraq Pekinin planını tənqid ediblər. Keçmiş xarici işlər nazirləri isə Johnson-u təşəbbüsü ələ almağa, profilaktik rol oynamağa çağırırlar.