ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi deyir ki, Taliban qruplaşması ilə əfqan hökumətinin sülh danışıqlarına başlayacağına nikbin yanaşır. O əlavə edib ki, hər şey yaxşı gedərsə ABŞ hərbçiləri bu ölkədən vaxtından qabaq çıxarıla bilərlər.
Zalmay Khalilzad iyunun 1-də deyib ki, Əfqanıstan hökuməti məhbusları azad etdikcə xeyli irəliləyiş baş verir. Bu addımın əfqandaxili danışıqlara aparacağı gözlənir.
“Yaxşı məqamdayıq”, – deyən Khalilzad əlavə edib ki, Ramazanda elan olunmuş atəşkəsdən sonra ölkədə zorakılığın səviyyəsi aşağıdır.
“Nəhayət ki əfqandaxili danışıqların başlanmasına doğru getdiyimizdən nikbinik”, – Khalilzad deyib. Ancaq o, konkret tarix açıqlamayıb, məhbusların buraxılması üzrə “hələ çox iş görülməli olduğunu” vurğulayıb.
Fevralda imzalanmış ABŞ-Taliban razılaşmasına görə silahlı qruplaşmanın təhlükəsizlik öhdəlikləri qarşılığında ABŞ hərbçilərinin Əfqanıstanda çıxarılması nəzərdə tutulur. Sənəddə 5 min talibançının buraxılması, qruplaşmanın isə min əsiri azad etməsi nəzərdə tutulur.
Aprelin əvvəlindən ötən həftəyədək Əfqanıstan hakimiyyəti 1100 talibançını, Taliban isə 245 əsiri azad edib.