Rusiya Prezidenti Vladimir Putin iyulun 1-nə konstitusiyaya dəyişikliklər üzrə səsvermə təyin edib. Bu dəyişikliklər onun 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər.
Putin qərarı iyunun 1-də qanun layihəsinə hazırlayan işçi qrupun iclasında elan edib.
Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ideyanı dəstəklədiyini deyib, əlavə edib ki, əhalinin bir yerə yığışmasını önləmək üçün səsvermə rəsmi tarixdən yeddi gün qabaq başlanacaq. Onun sözlərinə görə, iki-üç regionda elektron səsvermə sistemindən istifadə olunacaq, ancaq regionların adını çəkməyib.
Konstitusiyaya dəyişikliklər layihəsini deputatlar və Konstitusiya Məhkəməsi martda təsdiqləyib. Referendumun aprelin 22-də keçiriləcəyi gözlənirdi, amma koronovirus pandemiyasına görə təxirə salındı.
Tənqidçilərin fikrincə, Putinin məqsədi 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra daha 12 il hakimiyyətdə qalmaqdır.
Bu təşəbbüs Rusiyada etirazlara səbəb olub.