Ermənistanda yoluxmalar artır

Yerevanda həkim, 1 iyun, 2020-ci il

Ermənistan hakimiyyəti koronavirusa gündəlik yoluxmalarda və ölü sayında rekord rəqəm açıqlayıb. Hökumət aprelin ortasından ölkə üzrə karantin qaydalarını yumşaldandan yoluxma halları davamlı artır.

3 milyon əhalisi olan Ermənistanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 517 nəfər artaraq 10 min 9 nəfərə çatıb. Məlumatı iyunun 2-də Səhiyyə Nazirliyi yayıb.

Daha 19 nəfər xəstəlikdən vəfat edib və ümumi ölü sayı 158 olub.

Bir gün öncə Baş nazir Nikol Pashinian özünün və dörd nəfərlik ailə üzvlərinin test cavablarının müsbət çıxdığını açıqlayıb.

Buna da bax: Pashinian və ailəsində koronavirus çıxıb

Ümumi ölü sayına virusa yoluxmuş daha 56 nəfər salınmır. Nazirlik həmin şəxslərin əsasən digər, öncədən mövcud səbəblərdən dünyasını dəyişdiyini bildirir.

Səhiyyə orqanları 3 min 427 nəfərin xəstəlikdən sağaldığını vurğulayır.

Hökumət martın sonunda elan etdiyi karantini aprelin ortasından tədricən qaldırmağa başlayıb. Mayın 10-dək iqtisadiyyatın bütün sektorları təkrar açılıb.

Pashinian hökuməti qadağaları yenidən tətbiq etmək planları olmadığını, maska taxmağın, sosial məsafə saxlamağın, əlləri tez-tez yumağın virusun yayılmasını dayandıracağını deyir.

“Biz yeni koronavirusla yaşamağı öyrənməliyik”, – Pashinian deyib.

Baş nazir fəaliyyətini rəsmi iqamətgahındakı təcrid rejimindən davam etdirəcəyini bildirib.