Rusiya Suriyaya əlavə MiG-29 döyüş təyyarələri göndərdiyini təsdiqləyib. Bundan bir neçə gün qabaq ABŞ ordusu Moskvanı Suriya ərazisindən Liviyaya hərbi təyyarələr keçirməkdə ittiham etmişdi.
Rusiyanın Dəməşqdəki səfirliyi iyunun 3-də bildirib ki, “müdafiə əməkdaşlığı çərçivəsində” Suriya ordusuna “ikinci partiya” qabaqcıl MiG-29 döyüş təyyarələri çatdırılıb və onlar artıq uçuş missiyasını həyata keçirirlər.
Rusiya Suriya Prezidenti Bashar al-Assad-ı dəstəkləyir. Qərb hökumətləri, BMT təhqiqatçıları, insan haqları qrupları Rusiyanı və Suriya hökumətini dinc sakinləri bombalamaqda, doqquz illik müharibədə mümkün hərbi cinayətlərdə ittiham edir.
Mayın sonunda ABŞ ordusu Moskvanı Liviyadakı rusiyalı muzdlulara köməyə hərbi təyyarələr göndərməkdə ittiham edirdi. ABŞ-ın Afrika Komandanlığı bildirirdi ki, 14 MiG-29 qırıcısı və SU-24 bombardmançısı Suriya ərazisindən Liviyaya göndərilib.
Kremlə bağlı olduğu bildirilən Vagner qrupu Liviyada Khalifa Haftar-ın Liviya Milli Ordusuna kömək edir. Ölkənin şərqində oturuşmuş bu qüvvələr Tripolidəki Milli Razılıq Hökuməti ilə savaşır.
BMT-nin bu günlərdə açıqladığı hesabata görə Suriyada 800-1200 arası rusiyalı muzdlu var.
Moskva isə Vagner qrupuna görə məsuliyyət daşımadığını deyir, Liviyaya təyyarə göndərdiyini danır.