338 yeni yoluxma, 4 ölüm

Sizin brauzer HTML5-i dəstəkləmir

"Yəqin ki, camaat virusa inanmır"

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər vəfat edib.

Bu barədə bu gün, iyunun 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü şəxslərdir: "Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Açıqlamaya görə, ötən müddət ərzində yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 328 min 385 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Bu rəqəm fevralın 28-dən bəri Azərbaycanda yoluxmada rekorddur. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən mərhələlərlə bir xeyli yumşaldılıb. Amma artıq bu həftəsonu Bakı və başqa iri şəhərlərdə küçəyə çıxmaq yasaqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.7 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 393 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.