Britaniyada da etirazlara çıxıblar

Londonda etirazçılar

Britaniyanın bir neçə şəhərində minlərlə insan irqçilik və polis qəddarlığına qarşı iki gün ardıcıl nümayişlər keçiriblər. İyunun 7-də keçirilən etirazlarda Birləşmiş Ştatlardakı “Black Lives Matter” yürüşlərinə dəstək ifadə olunub.

Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afroamerikalı George Floyd-un ağdərili polisin əlində ölməsi ölkə boyunca etirazlara səbəb olub.

İyunun 7-də 10 minədək etirazçı Bristol şəhərində küçələrə çıxıb. Bir qrup etirazçı 17-ci əsrin qul taciri Edward Colston-un abidəsini yerə yıxıblar, Avon çayına atıblar.

Londonda etirazçılar ABŞ səfirliyi yaxınlığına yığışıb, daha sonra Baş nazir Boris Johnson-un iqamətgahına doğru gediblər.

Polis iyunun 7-də 29 nəfərin saxlandığını bildirir.

Bir gün öncə isə Londonun mərkəzində dinc nümayiş keçirilmişdi.

Səhiyyə naziri Matt Hancock deyib ki, etirazların koronavirus yoluxmalarını artıracağına “şübhəsiz risk” var və etirazçıları maska taxmağa, fiziki məsafə saxlamağa çağırıb.

Kopenhagen, Budapeşt, Madrid şəhərlərində də etirazlar keçirilib.