Pxenyan Seulla kommunikasiya xətlərini kəsəcəyini deyir

Moon Jae-in (sağda) və Kim Jong Un, 2018-ci il

Şimali Koreya iyunun 9-dan Cənubi Koreya ilə müxtəlif kommunikasiya xətlərini kəsəcəyini bildirib. Xəbəri Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

Pxenyan 9 iyun günorta saat 12-dən Şimal-Cənub birgə əlaqə idarəsinin saxladığı kommunikasiya xəttini “tamamilə kəsəcəyini və bağlayacağını” vurğulayır.

2018-ci ildə Şimali Koreya lideri Kim Jong Un və Cənubi Koreya Prezidenti Moon Jae-in arasında üç sammit keçirilsə də hazırda Koreyalar arasında münasibətlərdə durğunluq yaşanır.

Şimali Koreya bildirib ki, Cənubi Koreya onun ərazisinə vərəqələr və başqa materiallar buraxılmasını dayandırmasa birgə idarəni və digər layihələri dayandıracaq.

Cənubi Koreya hələlik, məsələyə münasibət bildirməyib. Seul bu yaxınlarda demişdi ki, vərəqələrin buraxılmasına hüquqi qadağalar qoyacaq. Ancaq Pxenyanın bildirməsinə görə, Cənubi Koreyanın reaksiyası səmimi deyil.