Koronavirus pandemiyasına görə sərhədlərin bağlanmasından dolayı iki ay gözləməli olan əcnəbi cütlüklər Ukraynadakı surroqat anaların dünyaya gətirdiyi bioloji körpələrinə qovuşublar.
Ukraynanın insan haqları ombudsmanı Lyudmila Denisova iyunun 10-da deyib ki, 31 cütlük nəhayət ölkəyə gələrək övladlarına qovuşub. Yeni valideyn olanların uzun prosesdən sonra ilk dəfə körpələrini görərkən emosional anlar yaşayıblar.
“Əhvalat çox yaxşı sonluqla bitdi, inanılmazdır”, – Argentinadan Andrea Diez körpəsini qucağına alarkən deyib.
Ukrayna pandemiyaya görə sərhədlərini bağlamışdı. Xarici İşlər Nazirliyi nəhayət ailələrə ölkəyə daxil olmağa icazə verdi, ancaq onlar iki həftəlik karantindən keçməli, COVID-19 testləri neqativ çıxmalı idi.
Bir müddət öncə 60 körpənin bir oteldə uşaq çarpayılarında videosu internetdə yayıldı və bu məsələ dünyanın diqqətini çəkdi.
Denisova-nın sözlərinə görə, daha 88 ailə ölkəyə giriş icazəsi alıb və yaxın həftələrdə gələcək.
Ukraynada 50-dək klinikada əcnəbilərin surroqat körpə xidmətlərindən istifadəsinə icazə verilir.