ABŞ qüvvələrinin İraqdan çıxarılması davam edəcək

Arxiv fotosu

Birləşmiş Ştatlar İraqdan hərbçilərini çıxarmağa davam edəcək. Bunu iki ölkə iyunun 11-də birgə bəyanatda bildiriblər.

Yanvarda ABŞ dronu İran generalını Bağdad yaxınlığında vurandan sonra iraqlı deputatlar amerikalı hərbçilərin ölkədən çıxarılmasını tələb etməyə başladılar. İki ölkə bu məsələylə bağlı strateji dialoq aparıb.

Birgə bəyanatda deyilir ki, “İslam Dövləti təhdidini aradan qaldırmaq yönündə ciddi irəliləyişi nəzərə alaraq” qüvvələrin çıxarılması həyata keçiriləcək. Konkret vaxt açıqlanmasa da, qüvvələrin “yaxın aylarda” çıxarılacağı bəyan edilib.

Qalan qüvvələrin statusuna gəlincə, bəyanata görə, Birləşmiş Ştatlar və İraq bu məsələni müzakirə edəcəklər, “çünki hər iki ölkə diqqətini qarşılıqlı güclü maraqlara söykənən ikitərəfli təhlükəsizliyə yönəldir”.

Buna da bax: Bağdad Vaşinqton və Londonu pisləyir, Tehran xəbərdarlıq edir

İraq hökumətinə yardım davam edəcək

Birləşmiş Ştatlar İraqda daimi hərbi iştiraka can atmadığını bəyan edir. İraq hökuməti də öz növbəsində İslam Dövlətinə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibindəki hərbçiləri qorumağa boyun olub.

Strateji dialoq iyunun 11-də koronavirus pandemiyasına qarşı ehtiyat tədbiri olaraq telekonfrans vasitəsilə keçirilib.

INA dövlət xəbər agentliyinin Baş nazir Mustafa Al-Kadhimi-yə istinadla yazmasına görə, ABŞ-İraq strateji dialoqu İraq parlamentinin ilin əvvəlində qüvvələrin çıxarılmasına dair səsverməsini tanıyıb.

Birləşmiş Ştatlar həmçinin İraq hökuməti ilə işləməyə iqtisadi müşavir verməyi müzakirə edib. Məqsəd İraqın islahat cəhdlərinə beynəlxalq dəstəyə təkan verməkdir.

“İki ölkə COVID-19 pandemiyası və neftin qiymətinin ucuzlaşmasının İraq üçün yaratdığı nəhəng iqtisadi problemləri, İraqın fundamental iqtisadi islahatlar aparmaq ehtiyacını anlayır”, –bəyanatda deyilir.