Məscidə hücumda azı 4 nəfər öldürülüb

Polislər hadisə yerinin yaxınlığında

Kabildə məsciddə cümə ibadəti zamanı partlayış baş verib, azı dörd nəfər həlak olub, xeyli sayda yaralı var. Məlumatı Əfqanıstanın Daxili İşlər Nazirliyi iyunun 12-də yayıb.

Şir Şah-E-Suri Məscidinin içərisinə partlayıcılar yerləşdirildiyi bildirilir.

Hücuma görə məsuliyyəti, hələlik, üzərinə götürən olmayıb.

ABŞ-ın sülh elçisi Zalmay Khalilzad bu həftənin əvvəlində regionda olub, Vaşinqtonla Talibanın fevralda imzaladığı sülh sazişini canlandırmağa çalışıb. Məqsəd Əfqanıstanda 18 ildir gedən müharibəni bitirməkdir.

Sazişdə Taliban qruplaşmasının təhlükəsizlik öhdəlikləri əvəzində ABŞ hərbilərinin ölkədən çıxması üçün qrafik müəyyənləşdirilir.

Vaşinqton həmçinin Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarına da təkan vermək istəyir.

İslam Dövlət silahlı qruplaşması da bu ölkədə fəaldır, son aylar Kabildə irimiqyaslı hücumlar həyata keçirib.