Şimali Koreya Cənubla Əlaqə Bürosunu partladır

Cənubi Koreyada etiraz aksiyası, 12 iyun, 2020-ci il

İyunun 16-da Şimali Koreya sərhəd Kaesonq şəhərində Cənubla əlaqə idarəsini partladıb. Məlumatı Seulun Birləşmə Nazirliyi yayıb.

Nazirliyin sözçüsünün reportyorlara göndərdiyi bir sətirlik xəbərdarlıqda deyilir ki, “Şimali Koreya Kaesonq Əlaqə Bürosunu saat 14:49-da partladır”.

Bu bəyanatdan bir neçə dəqiqə öncə isə partlayış səsləri eşidilib, Kaesonqda əlaqə bürosunun yerləşdiyi keçmiş birgə sənaye zonasından tüstü qalxıb.

Bundan qabaq, iyunun 16-da Şimali Koreya ordusu bildirib ki, Seula qarşı tədbir görməyə “tam hazırdır” və buraya Koreyalar-arası razılaşma çərçivəsində neytral elan olunmuş ərazilərə yenidən girmək də daxildir.

Əlaqə Bürosu 2018-ci ildə iki Koreya arasında kommunikasiyanı təmin etmək üçün təmir olunub.

Tərəflərin münasibətləri son həftələr gərginləşib. Cənub tərəfdən sərhəd boyunca Pxenyana qarşı vərəqələr yayıldığı bildirilir.

Vərəqələrdə Şimali Koreya lideri Kim Jong-un insan haqları pozuntuları və nüvə ambisiyalarına görə tənqid olunur.