Gələn ilin Oskar mükafatı mərasimi koronavirus pandemiyasına görə iki ay gec keçiriləcək. 93-cü Akademiya Mükafatları mərasimi 2021-ci il fevralın 28-dən aprelin 25-nə keçirilib.
Pandemiya bu ilin sonuna kimi buraxılması planlaşdırılan bir sıra filmlər üzərində işi dayandırıb. Təşkilatçılar mükafata təqdim olunma tarixini 2020-ci il dekabrın 31-dən gələn il fevralın sonuna keçiriblər. Məqsəd “kinorejissorlara filmləri tamamlamaq üçün gərəkən çevikliyi vermək, onları kimsənin nəzarətindən kənar səbəblərdən cərimələnməsinə yol verməməkdir”.
Nominasiyalar gələn il martın 15-də açıqlanacaq.
Mərasimin virtual, yaxud birbaşa keçiriləcəyi bəlli deyil.
İndiyədək Oskar mərasimi üç dəfə təxirə salınıb: 1938-ci ildə Los Ancelesdə daşqınlardan sonra; 1968-ci ildə Martin Luther King öldürüləndə və 1981-ci ildə Prezident Ronald Reagan-a sui-qəsd cəhdi olanda. Ancaq heç bir halda təxirəsalma bir həftədən çox çəkməyib.