ABŞ-ın Corciya ştatında Atlanta şəhərinin prokurorları afroamerikalı Rayshard Brooks-un ölümündən sonra ağdərili polis əməkdaşına qətl ittihamı irəli sürüblər. Brooks polisdən qaçmağa çalışarkən güllələnib.
Ondan üç həftə qabaq afroamerikalı George Floyd-un Minneapolis şəhərində polisin əlində ölməsi ölkə boyunca irqçiliyə və irqi ədalətsizliyə qarşı etirazlara yol açıb, polis şöbələrində radikal islahatlarla bağlı çağırışlar səslənib.
Atlantadakı polis əməkdaşı Garrett Rolfe-yə irəli sürülmüş ağır qətl ittihamına görə ömürlük həbs, yaxud ölüm cəzası kəsilə bilər. 27 yaşlı Rolfe-yə qarşı 10 başqa pozuntu üzrə on illərlə həbs nəzərdə tutulub. O, polis departamentindəki işindən də uzaqlaşdırılıb.
Dairə prokuroru Paul Howard iyunun 17-də ittihamları elan edərkən bildirib ki, Brooks “birbaşa ölüm təhdidi yaratmayıb”. Hadisə fast-fud şəbəkəsinin parkinq ərazisində baş verib. Polis əməkdaşları ayıqlıq testindən keçməyən Brooks-u həbs etməyə çalışıblar.
Polisin bədən kamerasına yazılmış videoda Brooks-un polis əməkdaşlarından elektroşokeri alaraq qaçdığı və bu zaman onlara atəş açdığı görünür.
Howard deyib ki, polisin qaçan şübhəlilərə elektroşokerdən atəş açması qadağandır. Prokurorun sözlərinə görə, Brooks güllələnəndən sonra Rolfe onu təpikləyib, 2 dəqiqədən artıq keçməsinə baxmayaraq tibbi yardım təklif etməyib. Bu zaman 27 yaşlı Brooks kürəyindən aldığı iki güllə yarasından yerdə can verirdi.