AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti vəzifəsindən azad olunub

Jamie Fly

AzadAvropa/AzadlıqRadiosu media-korporasiyasının prezidenti Jamie Fly vəzifəsindən azad olunduğunu açıqlayıb. Şirkət əməkdaşlarına məktubunda Fly qeyd edib ki, ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Michael Pack ona vəzifədən kənarlaşdırılması haqda məlumat verib.

“AzadAvropa/AzadlıqRadiosu-nu böyük kədər hissiylə tərk edirəm. Bir il ərzində bu təşkilata rəhbərlik bütün həyatım boyu daşıyacağım şərəfdir”, – Fly yazıb.

“The Associated Press” xəbər verir ki, Pack USAGM-ə daxil olan daha üç media təşkilatının – Azad Asiya Radiosunun, Yaxın Şərq Yayım Şəbəkəsinin və Kuba Yayım Bürosunun rəhbərlərini vəzifədən kənarlaşdırıb. Bundan başqa Pack Açıq Texnologiyalar Fondunun rəhbərini də işdən çıxarıb.

Pack iki həftə öncə USAGM-ə rəhbər təyin olunub. Bu müddət ərzində AzadAvropa/AzadlıqRadiosu, Azad Asiya Radiosu və Yaxın Şərq Yayım Şəbəkəsinin direktorlar şurasının üzvlərini dəyişib, özünü sədr təyin edib.

Pack agentlik əməkdaşlarına elektron məktubunda yazıb ki, sözügedən media təşkilatlarının müstəqilliyinin təminatı prinsipinə sadiqdir və bu qurumların vəzifəsi dünya üzrə izləyicilərinə müstəqil xəbərlər çatdırmaqdır.