Bu hələ ‘ikinci dalğa’ deyil

Bakıda polis sənədləri yoxlayır, 21 iyun, 2020-ci il

Birləşmiş Ştatlarda koronavirusa yoluxmaların “ikinci dalğası” başlayıbmı? “The Associated Press” agentliyi bu suala cavab axtarır. Ölkədə virusdan ölü sayı 120 mini keçib, son günlər cənub və qərb hissələrdə yoluxmalar sürətlə artmaqdadır.

Ancaq agentlik “ikinci dalğa”nın baş verənləri təsvir edəcək yanlış ifadə olduğunu bildirir.

“Günə 20 mindən artıq yoluxma varsa, ikinci dalğadan necə danışmaq olar?” – Milli Səhiyyə İnstitutundan Dr. Anthony Fauci deyib.

“Biz birinci dalğanı yaşayırıq. Birinci dalğadan çıxaq, sonra ikinci dalğanı gözləyə bilərik”, – o, sözlərinə əlavə edib.

Buna da bax: Freedom House rəsmisi: ‘Koronavirus avtoritarlar üçün təhlükədir’ (VIDEO)

Semantika

Apreldə Nyu York şəhərində yoluxmalar yüksəldi və pandemiyanın ilkin pik mərhələsi yaşandı. Ölkə boyunca məktəblər və şirkətlər bağlandıqca yeni yoluxmaların səviyyəsi də azaldı.

Johns Hopkins Universitetinin Səhiyyə Təhlükəsizliyi Mərkəzindən Caitlin Rivers-in fikrincə, son baş verənlər sabitləşmədir, heç də dalğadan sonra minimuma enmə deyil.

Alimlər ümumilikdə ABŞ-da koronavirusa yoluxmaların birinci dalğasının hələ bitmədiyi fikrilə razılaşırlar.

“Virus Birləşmiş Ştatlarda yayılmaqdadır, müxtəlif yerlərə fərqli vaxtlarda fərqli təsir göstərir”, – Robert Wood Johnson Fondunun rəhbəri Dr. Richard Besser deyib.

Miçiqan Universitetinin qrip üzrə eksperti Dr. Arnold Monto-nun fikrincə, “ikinci dalğa” indi baş verənləri real təsvir etmir və bu “bütünlükdə semantikadır”.

Besser-in sözlərinə görə, semantikanın da əhəmiyyəti az deyil, çünki birinci dalğanın bitdiyini deməklə adamlarda ən pis şeyin arxada qalması fikri yaranır.

Buna da bax: 'Psixoloji problem postpandemiya dövründə üzə çıxacaq'

Payız dalğası?

“The Associated Press” yazır ki, bəziləri bu payız, yaxud qışda böyük bir koronavirus dalğasının gələcəyindən narahatdırlar. Yəni, məktəblər yenidən açılacaq, hava soyuyacaq və adamlar daha çox qapalı məkanlara keçəcəklər. Üstəlik, qrip və digər respirator virusların da mövsümü başlanır. Vaksin tapılmayıb, ekspertlər amerikalıların çoxunun virusa yoluxmadığını düşünür, onda belə bir payız dalğası heç də arzuolunan deyil.

İndiyədək koronavirus qripə nisbətən daha epizodik və sporadik yayılıb, bu cür davam etməyə də bilər.

“Proqnoz vermək çox çətindir. Bu virusun nə dərəcədə mövsümi ola biləcəyini bilmirik”, – Rivers deyib.

Bəzi epidemioloqların fikrincə, “ikinci dalğa” terminini o zaman işlətmək olar ki, yoluxmalar pik həddən sıfıra düşür, yaxud ona yaxınlaşır, sonra epidemiya yenidən başlanır. İndiyədək Yeni Zelandiya, Monteneqro və İslandiya yoluxmaların demək olar sıfırlandığını bildirmişdi. Ancaq sonradan bu ölkələrdə az sayda yoluxma təsdiqləndi.