Eyfel qülləsi yenidən açılır

Arxiv fotosu

Eyfel qülləsi martda karantin tətbiq olunandan bəri ilk dəfə olaraq yenidən açılıb.

Ancaq Parisin simvolu sayılan bu məkanın iyunun 25-də təkrar açılmasına baxmayaraq, turistlər yayın sonunadək oraya buraxılmayacaq.

Əsasən fransızlardan ibarət 50-dək qrupa pilləkənlərlə qüllənin ilk iki qatına qalxmağa icazə verilib.

Rəsmilər sosial məsafə qaydasına görə eskalatorların bağlı qalacağını bildirir.

Fransanın Səhiyyə naziri Olivier Veran isə iyunun 25-də koronavirus test proqramının genişləndirildiyini elan edib. Paris regionunda 1,3 milyon sakinə testdən keçmək təklif olunur.

Nazirin sözlərinə görə, məqsəd gizli klastrları, asimptomatik şəxsləri müəyyənləşdirməkdir.

O, Fransanın mümkün ikinci dalğaya da hazırlaşdığını, dərman ehtiyatı yığdığını, gərəkərsə, reanimasiya şöbəsində 30 minədək şəxsi müalicə etməyi planlaşdırdığını bildirib.

Fransada indiyədək 198 minə yaxın yoluxma təsdiqlənib, onlardan 30 minə yaxın xəstə dünyasını dəyişib.

Apreldən bəri gündəlik yoluxma sayında ciddi azalma qeydə alınıb.