İranda qaz rezervuarı partlayıb

Arxiv fotosu

İyunun 26-da İranda hərbi baza yaxınlığında qaz rezervuarı partlayıb, Tehranın səmasını narıncı tüstü bürüyüb. Məlumatı İran mediası Müdafiə Nazirliyinin sözçüsünə istinadla yazıb.

Partlayışın Parçin hərbi zonası yaxınlığında baş verdiyi bildirilir. Bunu Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Davoud Abdi dövlət televiziyasına deyib.

Qərbin təhlükəsizlik xidmətləri iddia edirlər ki, Tehran on il qabaq bu hərbi ərazidə nüvə sınaqları aparıb, ancaq İran bu iddianı rədd edir.

Abdi partlayış nəticəsində yanğın baş verdiyini, ancaq nəzarətə alındığını, itki olmadığını deyib. Ancaq o, partlayışın səbəbini açıqlamayıb.

“Həmkarlarımız hadisə yerində işləyir və insidenti diqqətlə araşdırır”, – “The New York Times” Abdi-yə istinadla yazır.

Fars agentliyi sosial mediada yayılan fotolara istinadla partlayışın ərazidə nəhəng parlaq işığa səbəb olduğunu qeyd edir.

“Oxucularımızın göndərdiyi videolarda bu işıq bir neçə saniyə ərzində görünür”, – Fars bildirir.

Agentlik daha sonra Müdafiə Nazirliyinə istinadla quruma məxsus obyekt yaxınlığında “sənaye qaz rezervuarı partlayışı” olduğunu bildirib.

Məlumatlı mənbə agentliyə insidentin baş verdiyi ərazinin orduya aid olmadığını deyib.

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin Parçinə səfər etməsinə icazə vermir, hərbi baza kimi qapalı olduğunu bildirir.