Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev səhiyyə nazirini işdən çıxarıb. COVID-19-dan müalicə olunan Elzhan Birtanov iyunun 25-də vəzifəsindən azad olunub, Aleksei Tsoi onun yerinə təyin olunub.
Ölkədə koronavirusa yoluxmalar artır, karantin qadağaları yenidən tətbiq olunur. Bir həftə qabaq 79 yaşlı keçmiş prezident Nursultan Nazarbaev-in də koronavirus testi pozitiv çıxıb. O, ötən il istefa verməsinə baxmayaraq ölkəyə nəzarəti davam etdirir.
İndiyədək bir neçə rəsmidə koronavirus aşkarlanıb. Onların sırasında parlamentin aşağı palatasının sədri Nurlan Nyghmatulin, prezidentin sözçüsü Berik Uali və digərləri var.
Baş nazir Asqar Mamin və hökumətin dörd üzvü ehtiyat tədbiri kimi özünü təcrid edib.
Qazaxıstanda martın 16-da fövqəladə vəziyyət elan edilmiş, mayın 11-də qaldırılmışdı. Ancaq sonradan yoluxmalar artdığından hökumət yenidən bir sıra şəhərləri təcrid edib, yeni qadağalar tətbiq edib.
Hazırda ölkədə 31 mindən çox insanın koronavirusa yoluxduğu, 136 xəstənin dünyasını dəyişdiyi bildirilir. Ancaq real rəqəmlərin daha yüksək olduğu güman olunur.