Birləşmiş Ştatlarda koronavirusa yoluxmalarda kəskin artım bir sıra ştatları təkrar açılım qərarlarını dayandırmağa məcbur edib. Barlar, restoranlar, digər bizneslər yenidən bağlanır. Rəsmilər deyirlər ki, daha çox insan maska taxmaq, fiziki məsafə saxlamaqla bağlı qaydaları gözardı edir.
ABŞ-da son 24 saat ərzində azı 42 min yoluxma qeydə alınıb.
Fauci-nin iradı
Yoluxucu xəstəliklər üzrə baş mütəxəssis Dr. Anthony Fauci son artımlardan narahatlıq bildirərək deyib ki, artım müşahidə olunan ştatlardan bəziləri biznesləri açmazdan öncə iki həftə ərzində yoluxmalarda davamlı azalmanın baş verməsini gözləməyiblər.
Ağ evin koronavirus üzrə işçi qrupunun üzvü olan Fauci iyunun 30-da Senatda ifadə verəcək, əhalinin işə və məktəbə dönməsi yönündə hansı irəliləyişlərin əldə olunmasından danışacaq.
Buna da bax: 544 yeni yoluxma aşkarlanıb, 8 ölüm
Son yoluxmaların böyük hissəsi cənub və qərb ştatlarında qeydə alınıb.
Arizonanın qubernatoru Doug Ducey barların, kinoteatrların, idman zallarının, su parklarının dərhal bağlanmasına, azı 30 gün qapalı qalmasına qərar verib. İyunun 28-də ştatda 3 min 858 yoluxma təsdiqlənib. Ducey deyib ki, gələn həftə rəqəmlərin daha da pisləşəcəyini gözləyirlər.
Florida və Texas iyulun 3-dən bu yaxınlarda açılmış barların hamısının təkrar bağlanması göstərişi verib. Nyu Cersinin qubernatoru Phil Murphy deyib ki, qapalı məkanlarda yemək, əvvəl planlaşdırıldığı kimi, bu həftənin sonundan bərpa olunmayacaq.
İyunun 29-da bir sıra ştatlar sakinlərə ictimai yerlərdə maska taxmaq göstərişi verib. İndiyədək maska taxmaq könüllü idi.
Buna da bax: Koronavirusla bağlı dezinformasiya sosial mediaya necə təsir göstərir
Pandemiyanın “sonu görünmür”
Koronavirusa dünyada 10 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 504 mindən çox xəstə vəfat edib. Ən böyük zərbə Birləşmiş Ştatlara dəyib – 2,6 milyon yoluxma, 126 mindən çox ölü.
Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Ghebreyesus iyunun 29-da xəbərdarlıq edib ki, koronavirus pandemiyasının “sonu heç görünmür”. Onun sözlərinə görə, dünyanın “qarşıdakı aylar ərzində daha böyük müqavimət, təmkin, barışma və səxavətə ehtiyacı olacaq”.
Birləşmiş Ştatlarda yoluxmaların artmasının turist səfərlərinə də təsiri ola bilər. Avropa Birliyi iyunun 30-dan Avropaya buraxılacaq ölkələrin siyahısını açıqlamalıdır.
AB iyulun 1-dən vətəndaşları birliyə buraxılacaq 15 ölkənin siyahısını hazırlayır. Bunu İspaniyanın Xarici işlər naziri Arancha Gonzalez Laya deyib. Birləşmiş Ştatlarda yoluxmalar artdığından Braziliya və Rusiyayla yanaşı siyahıya salınmaya bilər.
Martda Prezident Donald Trump Avropanın Şengen səyahət zonasından gələnlərin ölkəyə girişini yasaqlayıb. Bu da ABŞ vətəndaşlarının AB-yə daxil olmasını mümkünsüz edən daha bir faktordur.
Təklif olunan “təhlükəsiz” siyahıda 14 ölkənin adı var: Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay. Pekin avropalılar üçün qadağanı qaldırarsa, Çin 15-ci ölkə ola bilər.