Belarus Ali Məhkəməsi qətldə təqsirləndirilərək ölüm hökmü kəsilmiş məhbusun cəzasını ləğv edib. Bu, avtokratik prezident Alyaksandr Lukashenka-nın rəhbərlik etdiyi ölkədə nadir hadisə sayılır.
Məhkəmə iyunun 30-da daha iki hökmü ləğv edərək yenidən araşdırılmaq üçün aşağı instansiya məhkəməsinə göndərib. Belarus Avropada ölüm hökmünün tətbiq olunduğu yeganə ölkədir.
Martın əvvəlində Slutsk şəhər məhkəməsi 29 yaşlı Viktar Skrundzik barəsində ölüm hökmü çıxarmışdı. 25 yaşlı Vital Myatsezh 22 illik, 33 yaşlı Valyantsin Bushnin isə 18 illik həbsə məhkum olunmuşdular. Onlar iki yaşlı şəxsin qətlində təqsirli bilinmişdilər.
Hər üçü təqsirlərini qismən boyunlarına alsalar da məhkəmənin qərarından şikayət vermişdilər. Skrundzik məhkəmədə israr edirdi ki, müstəntiqlər cinayətləri zorla onun boynuna qoyublar.
Buna da bax: Lukashenka Rusiya və Polşanı ‘seçki müdaxiləsində’ ittiham edir
“Tarixi an”
İyunun 30-da məhkəmədə yalnız Skrundzik iştirak edib.
O, məhkəmə zalına əli qandallı, üstündə VMN hərfləri həkk olunmuş xüsusi geyimdə gətirilib. VMN ölüm cəzası deməkdir.
Skrundzik məhkəmədə bir daha bildirib ki, Mikhail Shuhaley və Uladzimer Harkavets adlı yaşlı şəxslərin qətlini təzyiq altında boynuna alıb, əslində onları öldürməyib.
Onun sözlərinə görə, həmin iki kişini Bushnin öldürüb. Skrundzik Bushnin-dən qorxduğunu, onun kriminal dairələrlə əlaqələri olduğunu deyib.
Belarusun insan haqları fəalı Andrey Paluda məhkəmənin qərarını “tarixi an” adlandırıb.
Buna da bax: Lukashenka ‘inqilab’ın qarşısının alındığını deyir
“Ölüm hökmünün ləğvi nadir hadisədir. İş yenidən araşdırılacaq və biz bunu böyük bir hadisə kimi alqışlayırıq”, – Paluda vurğulayıb.
İllərdir Avropa Birliyi Belarusu ölüm cəzasına moratorium qoymağa çağırır.
Paluda-nın sözlərinə görə, Skrundzik-dən başqa daha dörd nəfər Belarusda ölüm cəzasının icrasını gözləyir.
İnsan haqları təşkilatı Belarus 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə edəndən bəri 400-dən çox məhbusun ölüm cəzasına məhkum edildiyini bildirir.