Bir neçə ay əvvələdək çox adam remdesivir sözünü heç eşitməmişdi. İndi isə bu dərmanın COVID-19 xəstəliyinə qarşı effekti dünya mediasının manşetində yer alır. Sözügedən antivirus dərmanı bu həftə yenidən xəbər gündəmini zəbt etdi, Birləşmiş Ştatlar dərmanın mövcud bütün ehtiyatını aldığını bildirdi.
Remdesivir “nukleozid analoqları” seriyasından bir dərmandır, xərçəngin, virusların, müxtəlif infeksiyaların müalicəsində geniş istifadə olunur. Bu analoqlar nukleozid adlı molekullara bənzəyir, bədəndə təbii şəkildə mövcud olur, RNT və DNT-nin formalaşmasında vacib rol oynayır. Bəzi viruslar “aldanaraq” bu analoqları öz genetik materialına daxil edirlər. Bu zaman virusun təbii kimyəvi tərkibi pozulur, çoxalma, yayılma qabiliyyəti zəifləyir.
Remdesivirin COVID-19-un müalicəsində nə dərəcədə effektiv olmasına gəlincə, bu sahədə hələ sınaqlar aparılır. Ancaq onun xüsusilə ağır vəziyyətdə olan xəstələrin müalicəsində faydalı olmasına ümidverici əlamətlər var. Məsələn, apreldə ABŞ Milli Səhiyyə İnstitutunun yaydığı sınağın nəticələrinə görə, remdesivir COVID-19 xəstələrinin xəstəxanada qalma müddətini 15 gündən 11 günədək qısaldır. Dərmanı hazırlayan ABŞ-ın Gilead biofarmaseptik şirkətinin məlumatına görə, remdesivirlə 5 günlük müalicə ağır COVID-19 xəstələrinin 10 günlük müalicəsi qədər effektli olub.
Buna da bax: 2 min dollarlıq remdesivirdən ‘qalmadı’
Gilead digər şirkətlərlə razılaşma imzalayıb
Mayın 1-də ABŞ-ın Ərzaq və Dərman Administrasiyası COVID-19 diaqnozu qoyulmuş böyüklərin və uşaqların üzərində bu venadaxili dərmanın istifadəsinə xüsusi fövqəladə icazə verib. Avropa Birliyi ərazisində də koronavirusa qarşı mübarizədə ilk dərman kimi remdesivirin istifadəsinə icazə verilib.
Pandemiyadan qabaq Gilead remdesiviri elə də çox buraxmırdı, ancaq indi istehsalı gücləndirib. İyunun sonunadək 190 min müalicə kursunun, dekabradək 2 milyondan artıq kursun hazır olacağı bildirilir. Şirkət gərəkərsə, 2021-ci ildə bir neçə milyon müalicə kursu hazır edəcəyini açıqlayıb.
Bundan başqa, mayda Gilead daha beş şirkətlə lisenziya müqaviləsi bağlayıb. Razılaşmaya görə, Gilead həmin şirkətləri remdesivirin istehsalını genişləndirmək üçün nou-hau ilə təmin edəcək, bir neçə aya dərman 127 ölkədə yayılmalıdır.
Buna da bax: ‘Yalnız xəstələri üzüstə çevirməyi öyrənmişiksə...’ – Qərb mediası
ABŞ-ın addımı necə qarşılandı
ABŞ-da hazırda 2,6 milyon nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. 130 min xəstə dünyasını dəyişib. ABŞ Səhiyyə Departamenti iyunun 30-da elan etdi ki, remdesivirlə 500 min müalicə kursunu alıb. Bu isə gələn üç ay ərzində dərmanın bütün ehtiyatı deməkdir. Səhiyyə naziri Alex Azar bu addımı alqışlayıb, “COVID-19-a qarşı ilk icazə verilmiş müalicəyə amerikalıların çıxışını təmin edəcək heyrətamiz saziş” adlandırıb.
Ancaq digər ölkələr bu xəbəri elə də böyük həvəslə qarşılamayıblar. “Bu, ilk təsdiqlənmiş dərmandır, bəs çıxış mexanizmi hanı?” – Liverpul Universitetindən Dr Andrew Hill “The Guardian”a deyib.
Nyu York Universitetindən bioetika üzrə mütəxəssis Arthur Caplan-ın fikrincə, ABŞ-ın remdesiviri alması digər ölkələrin bu dərmanı əldə etmək cəhdlərini əngəlləyir. Ancaq o, dərmanın xəstəliyə qarşı qlobal mübarizədə təsirinin elə də böyük olmadığını vurğulayıb.
Buna da bax: DST yenə xəbərdarlıq edir
“Remdesivir möcüzəvi dərman olmadığından ABŞ-da yetərincə tələbat olacağını düşünmürəm. Bu böyük itki deyil, amma itkidir. Bu, daha çox əziyyətə səbəb olacaq, ancaq düşünmürəm ki, həyat itkisinə başa gələr”, – o, “DailyMail.com”a deyib.
Melburnda LaTrobe Universitetindən Deborah Gleeson isə ABŞ-ın addımını “xeyli narahatedici presedent” adlandırır.
“Əgər vaksini də ABŞ şirkəti hazırlasa, oxşar davranış görəcəyik, ABŞ və digər inkişaf etmiş ölkələr ehtiyatlarını alıb yığacaq”, – o, Avstraliyanın “SBS News” kanalına deyib.