Əmanətçilər Mərkəzi Bankın qarşısında aksiyaya cəhd etdi

Bağlanmış üç bankın - "Amrahbank", "Atabank" və "NBC Bank"ın bir qrup əmanətçisi iyulun 6-da Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.

Onların sözlərinə görə, banklar bir neçə aydır bağlansa da, əmanətlərini geri ala bilmirlər.

"Artıq neçə aydır banklar bağlanıb, bizim pulumuz həmin banklarda qalıb. İndi isə öz pulumuzu ala bilmirik. Müraciət etmədiyimiz qurum qalmadı. Əmanətlərin Sığortalanması Fonduna da müraciət etmişdik. Heç bir rəsmi cavab verilmir. Ona görə bu gün bura gəldik. Burada da dəfələrlə olmuşuq, amma nəticəsi yoxdur. Gah deyirlər məhkəmə olacaq, gah deyirlər gözləyin. Hərəmizin problemləri var, kimsə müalicə olunmalıdır, kimsə işsiz qalıb. Bu bizim pulumuzdur və biz pulumuzu geri istəyirik", - əmanətçilərdən biri söyləyib.

Bankın qarşısına çağırılmış polis əməkdaşları toplaşanlardan ərazini tərk etməyi tələb edib. Bildirilib ki, etirazçılar xüsusi karantin rejimini pozurlar.

Ora toplaşanlardan dörd nəfərlik qrupun Mərkəzi Bankda qəbul olunmaq üçün binaya buraxıldığı deyilir. Qəbul haqda məlumat yoxdur.

Məsələ ilə bağlı Mərkəzi Bankdan münasibət öyrənmək mümkün olmayıb.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel qərarına əsasən “Atabank” və “Amrah Bank”-ın lisenziyaları ləğv edilib, onlar müflis elan edilib.

MB hər iki bankın Əmanətlərin Sığortalanması Fonduna üzv olduğu və əhalinin bu banklarda qorunan əmanətlərinin heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəyi bildirilmişdi. Fondun vəsaiti çatmasa Mərkəzi Bankın kredit ayıracağı qeyd olunmuşdu.