Pandemiyanın iqtisadi zərbəsi daha dərin ola bilər

Arxiv fotosu

Avropa Birliyi (AB) koronavirus pandemiyasının blokun iqtisadiyyatına əvvəl düşünüldüyündən daha dağıdıcı zərbə vuracağını gözləyir.

AB-nin icraedici qanadı olan Avropa Komissiyası iyulun 7-də bildirib ki, bu il blok üzvü 27 ölkədə istehsalat həcmi 8,3 faiz azalacaq. 2021-ci ildəsə 5,8 faizlik artım gözlənir.

Daha öncəki proqnoz iki ay qabaq, qitənin əksər hissəsi karantində olarkən açıqlanmışdı. Həmin proqnozda deyilirdi ki, bu il birliyin ümumdaxili məhsulu 7,5 faizədək azalacaq, 2021-ci ildəsə 6 faizlik artım gözlənir.

Buna da bax: İlham Əliyev: ‘Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq’

AB-nin İqtisadiyyat Komissarı Paolo Gentiloni proqnozu Brüsseldə təqdim edərkən xəbərdarlıq edib ki, bu proqnoz virusun ikinci dalğasının olmayacağı ehtimalına əsaslanır və bu da “böyük qeyri-müəyyənlik” yaradır.

Bu il avrozona iqtisadiyyatında 8,7 faiz azalma, 2021-ci ildəsə 6,1 faizlik artım gözlənir, AB-nin iqtisadçı ekspertləri bildirirlər. Avrozonaya valyuta kimi avrodan istifadə edən 19 AB üzvü daxildir.

Avropa Komissiyası bildirir ki, 2020-ci ildə iqtisadi fəaliyyətə təsir gözləndiyindən daha pis olacaq, çünki karantin qadağalarının yumşaldılması “daha mərhələli” həyata keçirilir.

Bir neçə ay çəkmiş COVID-19 qadağalarından sonra şirkətlərə və ictimaiyyətə qadağalar tədricən qaldırılır, mağazalar, restoranlar və otellər açılır.

Hazırda AB liderləri resessiyanın təsirini azaltmaq üçün bir neçə milyard avroluq stimul paketi razılaşdırmağa çalışırlar.