Belarusda onsuz da “dəhşətli olan” insan haqlarının durumu son bir ildə daha da pisləşib, prezident seçkisi qabağı vətəndaş cəmiyyətinə divantutma genişlənib. BMT-nin Belarusda insan haqları üzrə xüsusi məruzəçisinin hesabatı yayılıb.
“Həm hüquqda, həm də praktikada insan haqlarının sistemli və sistematik pozuntuları qalır”, – Anais Marin iyulun 10-da Cenevrədə BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi illik hesabatda bildirir.
Marin Belarus hökumətinin narazıları cəzalandırmaqdan ötrü məhdudlaşdırıcı qanunlardan, qanunsuz administrativ və ədliyyə tədbirlərindən istifadəsindən narahatlıq bildirib.
İyulun 1-də Marin BMT-nin digər müstəqil ekspertləri ilə birlikdə Belarus hökumətini 9 avqust prezident seçkisi öncəsi siyasi fəallara, insan haqları müdafiəçilərinə, jurnalistlərə və bloqerlərə qarşı “qanunsuz həbslər, zorakılıq və qorxutma siyasətini” dayandırmağa çağırıb.
Prezident Alyaksandr Lukashenka altıncı müddətə prezident seçilmək üçün namizədliyini verib.
Buna da bax: Belarus məhkəməsi bir iş üzrə ölüm cəzasını ləğv edib
Azı 200 nəfər həbs olunub
Müraciətdə deyilirdi ki, iyunun 18-dən bəri ölkədəki nümayişlərdə azı 200 vətəndaş cəmiyyəti təmsilçisi həbs olunub.
2019-cu ilin aprelindən bu ilin martınadək olan dövrü əhatələyən hesabatda Marin fikir və ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına “qeyri-mütənasib və ayrı-seçkilik yaradan məhdudiyyətləri” vurğulayır.
BMT eksperti qeyd edir ki, ölkədə etnik, dini azlıqlar, LGBT icması üzvləri, saxlananların ailələri gözümçıxdıya salınır, onları qoruya biləcək antidiskriminasiya qanunvericiliyi də mövcud deyil.
Marin onu da vurğulayıb ki, orta və ali təhsil məktəblərində, mediada Belarus dillilər ayrıseçkiliklə üzləşir və bu da dilin mövcudluğuna təhdid yaradır, ölkənin mədəni həyatına mənfi təsir göstərir.
Məruzəçi Belarusda ölüm cəzasının hələ də tətbiq olunmasını pisləyir, hüquq-mühafizə orqanlarında işgəncə və pis rəftarla mübarizə cəhdlərinin olmadığını qeyd edir. Belarus ölüm cəzasının mövcud olduğu yeganə Avropa ölkəsidir.
Tələbələri, dövlət idarələrinin işçilərini, əsgərlikdə olanları, məhbusları sistematik olaraq pulsuz işlətməklə hökumət ölkənin özünün məcburi əməyə qarşı qanununu pozur, Marin bildirir.