526 nəfər yoluxub, 502 sağalıb

8 min 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir

Azərbaycanda koronavirus xəstəliyinə yeni 526 yoluxma qeydə alınıb, 502 nəfər sağalaraq evə buraxılıb, 8 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 10-da verilən məlumatda belə deyilir.

İndiyədək Azərbaycanda ümumilikdə 22 min 990 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 14 min 93 nəfərin sağaldığı, 292 nəfərin vəfat etdiyi, 8 min 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi deyilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 576, ötən müddət ərzində isə ümumilikdə 552 min 311 test aparıldığı qeyd olunur.

Poliklinikalara gündə 800-ə yaxın müraciət daxil olur

Gün ərzində poliklinikaların nəzdində yaradılmış 39 xüsusi məntəqəyə koronavirus ilə bağlı 700-800 müraciət olur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib. Onun sözlərinə görə, bu, təcili yardımın üzərinə düşən yükü azaldıb.

"Müəyyən vaxtdan sonra təcili yardım xidməti ilə bağlı gecikmələrlə üzləşməyəcəyik", - N.Zeynalov söyləyib.

Aparat rəhbəri deyib ki, Bakıda 10 min 202 nəfər ev şəraitində müalicə alır: "Onların içərisində simptomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur".