Andrzej Duda ikinci müddətə prezident seçilir

Rafal Trzaskowski (solda) və Andrzej Duda

Polşanın Milli Seçki Komissiyasının iyulun 13-də bildirməsinə görə, mühafizəkar Andrzej Duda bir gün öncə keçirilən seçkinin ikinci turunda səslərin 51,21 faizini yığıb.

Bülletenlərin 99,97 faizinin sayıldığı bildirilir. Varşavanın liberal meri Rafal Trzaskowski isə 48,79 faiz səs toplayıb.

Komissiya seçici fəallığının qeyri-adi dərəcədə yüksək – 68,12 faiz olduğunu bildirir.

Yekun nəticələr bu rəqəmlərdən azacıq fərqlənə bilər.

***

Prezident Andrzej Duda Polşada prezident seçkisində rəqibiylə səs fərqini artıra bilib. Bu seçkinin Polşanın Avropa Birliyi ilə münasibətlərini uzun illər formalaşdıracağı düşünülür.

Ipsos institutunun açıqladığı üçüncü və yekun rəy sorğusuna görə, mühafizəkar Duda səslərin 51, rəqibi, daha liberal namizəd sayılan Rafal Trzaskowski isə 49 faizini yığıb.

Ancaq hələlik, kimin qalib olduğunu qətiyyətlə söyləmək mümkün deyil.

“İndilik ekzit-pol əsasında olsa belə, qələbəmdən xoşbəxtəm”, – Duda Polşa bayraqları dalğalandıran, “Yaşasın Polşa” qışqıran tərəfdarlarına deyib.

Trzaskowski isə tərəfdarlarına söyləyib ki, Polşa tarixində heç vaxt seçkinin nəticəsi belə yaxın olmayıb. “Səsimizin gücünü heç vaxt bu qədər hiss etməmişik”, – o vurğulayıb.

Rəsmi nəticələr iyulun 13-14-nə gözlənir.

Duda-nı hakim sağ-qanaq Hüquq və Ədalət partiyası və hökumət dəstəkləyir. Varşavanın meri, Avropa Parlamentinin keçmiş deputatı Trzaskowski isə əsas müxalifət partiyası olan Vətəndaş Platformasını təmsil edir.

Ötən ay keçirilən birinci raundda Duda səslərin 43,5, Trzaskowski isə 30,5 faizini yığıb.