Birləşmiş Ştatlarda koronavirusa yoluxma və ölüm halları artmaqdadır. Ancaq bu arada ümidverici bir xəbər də yayılıb. ABŞ şirkəti iyulun 14-də bildirib ki, mümkün COVID-19 vaksininin sonuncu – insan üzərində sınağına başlanacaq, çünki ilkin sınaqlar müsbət nəticələr verib.
ABŞ-da 136 mindən çox insanın həyatına son qoymuş virus indi cənub və qərb ştatlarında sürətlə yayılmaqdadır. Ölkədə gündəlik yeni yoluxmalar 60 mini keçir.
Moderna şirkəti eksperimental COVID-19 vaksininin təhlükəsiz olduğunu, ilkin mərhələdə 45 sağlam könüllü üzərində immun reaksiyası doğurduğunu bildirib. ABŞ hökuməti bu vaksini dəstəkləyir. İyulun sonundan başlayacaq üçüncü mərhələdə vaksin 30 min nəfər üzərində sınaqdan keçiriləcək.
Buna da bax: Çin vaksin yarışında önə çıxmağa can atır – Qərb mediası
Fauci-nin “ehtiyatlı nikbinliyi”
Hazırda dünyada 20-dək mümkün COVID-19 vaksini sınağın müxtəlif mərhələsindədir.
Ölkənin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Anthony Fauci deyib ki, ilin sonuna, yaxud 2021-ci ilin əvvəlinədək azı bir vaksinin hazırlanacağına “ehtiyatlı nikbinlik” bəsləyir.
Bu arada ABŞ-ın səhiyyə rəsmiləri amerikalıları ictimaiyyət arasında maska taxmağa çağırır. Virusun güclü yayıldığı Texas və Florida ştatlarında qubernatorlar maskanı məcburi elan etməsələr də yerli hökumətlər və mağazalar bu qaydanı tətbiq edir.
Britaniya və Fransa da əhalidən maska taxmağı tələb etməyə başlayıb. Avropada çətinliklə nəzarətə alınmış virusun yenidən baş qaldıracağı sarıdan narahatlıq var.
“The Telegraph” qəzeti iyulun 14-də yazıb ki, Britaniya ofislər və digər iş yerləri daxil olmaqla ictimai yerlərin hamısında maskanı tövsiyə edə bilər. Bundan bir gün öncə isə Baş nazir Boris Johnson əhaliyə iyulun 24-dən mağaza və supermarketlərdə maska taxmaq göstərişi verib.
Almaniya, İspaniya, İtaliya daxil bir sıra Avropa ölkələri mağazalarda maskanı artıq məcburi edib.
Buna da bax: Rusiya vaksininin sınaq mərhələsi avqustdan əhali üzərində keçəcək
Məktəblər nə vaxt açılır
Fransa Prezidenti Emmanuel Macron deyib ki, avqustun 1-dən qapalı ictimai məkanların hamısında maska tələbi qoymaq istəyir. Prezident sentyabrın 1-dək məktəblərin hamısını açmağı planlaşdırır.
Fransa may və iyundan məktəbləri tədricən təkrar açmağa başlayıb, şagirdlərin çoxu sərt sağlıq protokolları ilə dərsə getməyə başlayıb.
İtaliya martın əvvəlində bağlanmış məktəbləri sentyabrda açmağı planlaşdırır. Səhiyyə nazirinin iyulun 14-də bildirməsinə görə, müəllimlər anticism testləri verəcək, şagirdlərdən də test götürüləcək. Dərslər başlanmazdan öncə maskalarla bağlı qərar veriləcək.
Məktəblərin açılması valideynlərin işə çıxması, şagirdlərin uzun müddət sosial və tədris məhrumiyyətlərə məruz qalmaması üçün vacib sayılır.
Prezident Donald Trump Birləşmiş Ştatlarda məktəblərin yenidən açılmasına çağırır, ancaq bəzi ştatlar və yerli hökumətlər buna qarşı çıxır, birbaşa dərsləri təhlükəsiz keçməyə hazır olmadıqlarını deyirlər.