Çexoslovakiyanın sonuncu kommunist lideri vəfat edib

Milos Jakes

1989-cu ilin Məxməri İnqilabı vaxtı keçmiş Çexoslovakiyanın Kommunist Partiyası lideri olmuş Milos Jakes vəfat edib. Onun 97 yaşı vardı.

Kommunist Partiyası onun ölümünü təsdiqləyib. Əlavə informasiya verilməyib. Keçmiş liderin nə vaxt vəfat etdiyi bəlli deyil.

Sərt xətt tərəfdarı kommunist olan Jakes 1987-ci ildə partiyanın baş katibi təyin olunub. Ondan cəmi iki il sonra dramaturq və dissident Vaclav Havel-in başçılıq etdiyi Məxməri inqilab 40 illik kommunist idarəçiliyinə son qoyub.

Jakes 1968-ci ildə partiya lideri Alexander Dubcek-in irəli sürdüyü islahatlara qarşı çıxmışdı. Praqa Baharı adlı bu dönəm həmin ilin avqustunda Moskvanın başçılıq etdiyi Varşava Paktı tərəfindən boğuldu.