NATO, Rusiya sərhəddə baş verənlərdən narahatdır

James Appathurai

Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin qızışmasını dayandırmaq üçün hər şeyi edəcək. Bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.

“Bu vəziyyətdən çox həyəcanlı və narahatıq. Eskalasiyanı, hərbi əməliyyatları dayandırmaq, sonradan danışıqlar prosesində qarşılıqlı məqbul qərarlar verməkdən ötrü hər şeyi edəcəyik”, – Matvienko jurnalistlərə deyib.

O, vəziyyətin “həqiqətən çox narahatedici” olduğunu vurğulayıb.

“Əsas olan günahkar axtarmamaq, istənilən hərbi əməliyyatı dərhal dayandırmaqdır”, – Rusiya parlamentinin yuxarı palatasının spikeri deyib. O əlavə edib ki, gərginliyin azaldılması üçün diplomatik xətlə bütün tədbirlər görülür.

***

NATO da Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlıq bildirib, vəziyyətin daha da qızışmasını önləməyə çağırıb.

“Ermənistan-Azərbaycan sərhədində baş verənləri narahatlıqla izləyirik, ağır silahlara əl atılıb, adamlar həlak olur”, – NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi təmsilçisi James Appathurai deyib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərə müraciətinə qoşuluruq: vəziyyətin daha da qızışmasının qarşısını almaq üçün lazımlı addımlar atılmalıdır”, – NATO-nun xüsusi təmsilçisi deyib.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Ancaq son 3 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son toqquşmalarla əlaqədar bir sıra beynəlxalq qurumlar – ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti tərəfləri atəşkəs rejiminə qayıtmağa, danışıqları bərpa etməyə çağırıb.